FHN: Ötən sutka 20 halda yanğına çıxış olub
Bakı, 11 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 20 halda yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib, 1 nəfərin cəsədi aidiyyəti üzrə təhvil verilib.
Həmçinin paytaxtın Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının xarici divarında metal borunun bir hissəsinin qopması səbəbindən hər an yerə düşərək fəsadlar törətmə riski nəzərə alınaraq, xilasedicilər tərəfindən alpinist vasitələrindən istifadə edilməklə boru götürülərək sakinlər üçün təhlükə aradan qaldırılıb.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.