FHN “Yanar dağ” Qoruğunun yaxınlığında aşkarlanmış metan qazı ilə bağlı məlumat yayıb
Bakı, 27 noyabr, AZƏRTAC
Abşeron rayonunun Məmmədli qəsəbəsində Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisinin yaxınlığındakı fərdi yaşayış evlərinin həyətyanı sahələrində qaz sızması müşayiət olunub və bu barədə məlumat daxil olduqdan dərhal sonra ilkin olaraq Fövqəladə Hallar Nazirliyi (FHN), “Azəriqaz” İstehsalat Birliyi və Abşeron Rayon İcra Hakimiyyətinin mütəxəssislərinin iştirakı ilə ərazidə müayinələr aparılaraq akt tərtib edilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müayinə zamanı həmin ünvandakı fərdi yaşayış evlərinin bünövrəsinə yaxın olan hissələrində, həyətyanı sahələrində və yaşayış olmayan boş ərazilərdə yer səthində şulf üsulu ilə dəliklər açılaraq cihazlarla ölçmə işləri aparılıb və metan qazı (CH4) aşkarlanıb. Bu səbəbdən mümkün partlayış-yanğın hadisələrinin qarşısının alınması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əraziyə qazın nəqli müvəqqəti olaraq dayandırılıb.
Aparılmış müayinələr zamanı aşkarlanmış nəticələrin partlayış-yanğın təhlükəli olduğunu nəzərə alaraq, əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə kompleks araşdırmanın aparılması və zəruri tədbirlərin görülməsi üçün Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirliklərinin, SOCAR və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət işçi qrup yaradılıb. İşçi qrupun aşkarladığı qazın mənbəyinin və tərkibinin müəyyənləşdirilməsi, zəruri tədbirlərin görülməsi məqsədilə hazırda ərazidə kompleks işlər həyata keçirilir. Qısa müddətdə araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq qərar veriləcək.
Məsələ nəzarətdə saxlanılmaqla, gedişatı barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.