CƏMİYYƏT
Finlandiya nümayəndəsi: Bakı COP tədbirini keçirmək üçün əla məkandır
Bakı, 14 noyabr, AZƏRTAC
“Düşünürəm ki, Bakı bir tədbir (COP29 nəzərdə tutulur – red.) keçirmək üçün əla məkandır. İlk dəfədir buradayam və Bakı haqqında çox maraqlı məlumatlar əldə etmişəm. Bakı çox imkanları olan böyük bir şəhərdir və burada nəqliyyatı, yerli yeməkləri xüsusilə bəyəndim”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçısı, Finlandiyanın İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının nümayəndəsi Pekka Moren söyləyib.
O bildirib ki, Finlandiya, Avropa İttifaqının üzvü olaraq, iqlim dəyişikliyi ilə mübarizəyə hər zaman öz töhfəsini verir.
“Bizim kimi ölkələr, bu məqsədləri dəstəkləmək üçün beynəlxalq əməkdaşlıq və inkişafın maliyyələşdirilməsi səylərini davam etdirir. Hesab edirəm ki, texnologiya yaşıl keçidi idarə etmək üçün olduqca vacibdir. Texnologiyasız bunu həyata keçirmək mümkün deyil”, - deyə o qeyd edib.
Pekka Moren əlavə edib ki, iqlim dəyişikliyini, atmosferdə baş verən prosesləri qiymətləndirmək üçün çox inkişaf etmiş meteoroloji texnologiyalara sahibdirlər və erkən xəbərdarlıq sistemlərini təkmilləşdirmək üçün çalışırlar.