Fiziologiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir
Bakı, 31 mart, AZƏRTAC
Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Könül İbrahimova Rusiya Federasiyasının Moskva şəhərində ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində “Herontologiya” Elmi-Tədqiqat Tibb Mərkəzində bu müəssisə ilə Fiziologiya İnstitutu arasında elmi-praktik əlaqələrin daha da genişləndirilməsi, herontologiya və immunofiziologiya sahələrində birgə tədqiqat planlarının hazırlanması məsələləri müzakirə olunub.
Həmçinin Mərkəzin rəhbərliyi tərəfindən Fiziologiya İnstitutuna professorlar Andrey İlnitski və Kirill Proşayevin “Prodoljeniye budet: kniqa o vozraste” (“Davamı olacaq: yaş haqqında kitab”) kitabı hədiyyə edilib.
Xatırladaq ki, avtonom qeyri-kommersiya təşkilatı olan “Herontologiya” Elmi-Tədqiqat Tibb Mərkəzi ilə Fiziologiya İnstitutu arasında 2017-ci ildən əməkdaşlıq haqqında müqavilə imzalanıb.