ELM VƏ TƏHSİL
Fiziologiya İnstitutunda 143 elmi əsər yerli və xarici mətbuatda çap edilib
Bakı, 19 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) əsas elmi istiqamətlərində 4 problemin həlli üzrə 13 mövzuya aid 29 elmi tədqiqat işinin 45 mərhələsi yerinə yetirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə institutun Elmi şurasının illik hesabat iclasında baş direktor, biologiya elmləri doktoru, professor Ulduz Həşimova məlumat verib. Hesabat ilində institut əməkdaşları tərəfindən ümumilikdə 143 elmi əsərin, o cümlədən 63 məqalə və 80 məruzə tezislərinin yerli və xarici elmi mətbuatda nəşr edildiyi, 10 məqalənin impakt faktorlu jurnallarda dərc olunduğu vurğulanıb. İnstitut əməkdaşları həm respublikada, həm də xaricdə çoxsaylı ezamiyyətlərdə və konfranslarda, vebinarlarda iştirak ediblər.
İnstitutda herontologiya, neyrofiziologiya, hüceyrə fiziologiyası üzrə aparılan fundamental tədqiqatların ən mühüm nəticələri iştirakçılara təqdim edilib və bu nəticələr üzrə yüksək impakt faktorlu jurnallara məqalələrin hazırlandığı bildirilib.
Ulduz Həşimova qeyd edib ki, son illər fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi xeyli möhkəmlənib, digər universitetlərlə elmi-pedaqoji əlaqələr davam etdirilir.
Baş direktor son illərdə institutun beynəlxalq əlaqələrinin daha da genişləndiyini vurğulayaraq 2022-ci ildə 2 xarici (Rusiya, Türkiyə) və 6 yerli təşkilatla qarşılıqlı əməkdaşlıq haqqında rəsmi müqavilələrin imzalandığını da nəzərə çatdırıb.
Məruzə ətrafında müzakirələr aparılıb, institutda yerinə yetirilmiş tədqiqatlar, alınmış nəticələr barədə fikirlər bildirilib, problem və perspektivlər diqqətə çatdırılıb.
Müzakirələrə yekun vuran AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova təklif və tövsiyələrini diqqətə çatdırıb.