Fiziologiya İnstitutunda Qara Yanvar şəhidlərinin xatirəsi anılıb
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fiziologiya İnstitutunda Qanlı Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun laboratoriya müdiri, professor Əhməd Hacıyev sovet ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilməsi, dinc əhaliyə qarşı törədilən qırğın barədə danışıb, bu faciənin Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəyini bildirib.
Biologiya elmlər doktoru F.Əsgərov “20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda məruzəsində bu qanlı hadisənin xronikası, Azərbaycanda və dünyada ona verilən hüquqi və siyasi qiymət barədə fikirlərini bölüşüb.
Digər çıxış edənlər də o müdhiş gecənin dəhşətli anlarını yada salıb, insanların göstərdiyi şücaətdən danışıb, 20 Yanvar hadisəsinin yaddaşlardan silinməyəcəyini vurğulayıblar.