ELM VƏ TƏHSİL
Folklor İnstitutunda elmi-tədqiqat işləri davam etdirilir
![](/files/galleryphoto/2020/1/1200x630/15877338255776917749_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15877338253037960303_1200x630.jpg)
Bakı, 24 aprel, AZƏRTAC
AMEA-nın Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin onlayn iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda yoluxucu virusla bağlı tətbiq edilmiş karantin rejimindən irəli gələn sosial izolyasiya şəraitində elmi-tədqiqatların davam etdirilməsi və onlayn imkanlarla əlaqələndirilməsi məsələsi müzakirə edilib.
Sonra mərasim folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlilin “Yoluxucu virusdan mühafizə olunmaqda kütləvi tədbirlərin və xalq mərasimlərinin təxirə salınmasının əhəmiyyəti haqqında", aparıcı elmi işçi Qalib Sayılovun "Epidemiya və təbii fəlakət şəraitində İslam dəyərlərinin tövsiyə etdiyi davranış tərzi“ mövzularında məruzələri dinlənilib.
İclasda elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin gedişi ilə bağlı şöbə əməkdaşlarının, həmçinin doktorantların tədqiqat işlərinin vəziyyəti ilə bağlı hesabatları dinlənilib.
Hesabatlardan məlum olub ki, şöbədə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi nəzərdə tutulduğu şəkildə davam etməkdədir. Bu il ərzində əməkdaşların 10-a yaxın məqaləsi və müxtəlif elmi jurnallarda və iki kitabı (o cümlədən, xaricdə) çap olunub. Şöbə əməkdaşları sosial izolyasiya şəraitində də beynəlxalq elmi konfranslarda onlayn imkanlarla iştirak ediblər.
İclasda dinlənilən hesabatlar qənaətbəxş hesab olunub.