SİYASƏT
Forum çərçivəsində gənclər inklüziv təhsil haqqında fikir mübadiləsi aparıblar VİDEO
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 25-də “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən Gənclər Forumunun əməkdaşlıq toplantısının iştirakçıları inklüziv təhsil haqqında fikir mübadiləsi aparıblar.
AZƏRTAC xəbər verir ki, toplantıda müxtəlif ölkələrdən, irqlərdən və millətlərdən olan gənclər iştirak ediblər. Diqqətə çatdırılıb ki, müzakirələrin əsas məqsədi gənc nəslin təhsil imkanlarını müəyyənləşdirmək, gənclərin potensiallarını üzə çıxarmaqdır.
Toplantıda iştirak edən gənclər inklüziv təhsil, sülh naminə təhsil, bərabər və sərhədsiz təhsil hüquqları haqqında müzakirələr aparıblar. Vurğulanıb ki, uşaqlar hələ balaca yaşlarından təhsilin hər kəs üçün bərabər olduğunu anlamalıdırlar. Onlar hər kəsə hörmət etməlidirlər, eyni zamanda, öz hüquqlarını da bilməlidirlər.
Gənclər, həmçinin təhsil, incəsənət, səyahət və digər sahələrdə inkişaf üçün yaradılan layihələr haqqında danışıb, bu məsələlər ətrafında fikirlərini bildirib, təkliflər irəli sürüblər.
Toplantıda çıxış edən gənclər BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Azərbaycanın ev sahibliyini yüksək qiymətləndirib, tədbirin qarşıya qoyulan məqsədlərə çatmaq işinə töhfə verəcəyini vurğulayıblar.
Daha sonra inklüziv təhsildə uğurlar qazanan gənclər haqqında təqdimatlar olub.