FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ KOMPLEKS TƏDBİRLƏR HƏYATA KEÇİRİR
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu günlərdə Kürboyu ərazilərdə, o cümlədən Salyan rayonunda olmuş, təhlükəli, narahatlıq doğuran sahələrdə kompleks tədbirlərin görülməsi məqsədi ilə mütəxəssislərlə görüşmüş, onların təkliflərini dinləmiş, görülən işləri nəzərdən keçirmişdir.
Bütün təkliflərin nəzərə alınaraq xüsusi layihənin işlənib hazırlanmasının vacibliyini qeyd edən Kəmaləddin Heydərov, ilk növbədə, Kürdə daşqınlara səbəb olan lil qatının təmizlənməsini, sahilbərkitmə əməliyyatlarının, mühəndis-texniki tədbirlərin görülməsini vacib saymışdır. Artıq Fövqəladə Hallar Nazirliyinin Mülki Müdaqfiə Qoşunlarının peşəkarlığı ilə seçilən xilasediciləri yüksək ötürücülük qabiliyyətinə malik nasosların gücündən istifadə edərək, subasma və sızma nəticəsində yaranan fəsadların aradan qaldırılması üçün ciddi işlər həyata keçirirlər. Eyni zamanda lil qatının təmizlənməsi, ümumiyyətlə çayın yatağının dərinləşdirilməsi məqsədi ilə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin və Okeanologiya İnstitutunun mütəxəssisləri ilə birlikdə bu vacib problemin aradan qaldırılması və bir neçə yeni xüsusi gəminin Azərbaycana gətirilməsi barədə danışıqlar prosesi başa çatmaq üzrədir.
Bir faktı qeyd edək ki, son bir gündə Kür çayında suyun səviyyəsi 38 santimetr aşağı düşmüşdür. Bunun nəticəsi olaraq yaşayış məntəqələrindən, həyətyanı və əkin sahələrindən su çəkilməyə başlamışdır. Digər sahələrdə isə 92 ədəd elektrik nasosunun köməyi ilə bu proses həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyi Kür çayının törədə biləcəyi fəsadların qarşısının alınması üçün təxirəsalınmaz tədbirləri davam etdirir.