CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi yarandığı gündən AEBA ilə sıx və faydalı əməkdaşlıq edir VİDEO
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 14-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktorunun müavini Dazhu Yanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qonaqları salamlayan nazir Kəmaləddin Heydərov bildirib ki, nazirlik yarandığı ilk gündən AEBA ilə sıx və faydalı əməkdaşlıq edir. Nazirliyin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatının fəaliyyəti haqqında ətraflı məlumat verən nazir AEBA ilə bir sıra əhəmiyyətli layihələrin uğurla həyata keçirildiyini xüsusi vurğulayıb.
AEBA baş direktorunun müavini Dazhu Yanq Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib, yeni layihələrin həyata keçirilməsi sahəsində geniş potensialın olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, səfər zamanı AEBA-nın nümayəndə heyəti FHN-in “İzotop” xüsusi kombinatının fəaliyyəti ilə yerində tanış olub.