FRANSADA AZƏRBAYCANLA BAĞLI BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏKDİR
Konfransda Azərbaycan və Fransanın, həmçinin ABŞ-ın, Türkiyənin elm və mədəniyyət xadimləri iştirak edəcəklər. Konfransda İNALKO-nun Prezidenti Jil Deluş, türkologiya departamentinin direktoru Mişel Bozdəmir, Türkiyənin Bosfor Universitetindən Sonel Bosnali, Avropa Komissiyasından Rafael Matey, ABŞ-dan olan alim Brenda Şaffer və başqaları iştirak edəcəklər.
Azərbaycanın elm və mədəniyyətini konfransda BSU-nun rektoru professor Kamal Abdullayev, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı, Milli Məclisin deputatı Anar, “Simurq” assosiasiyasının prezidenti Fuad Məmmədov, professor Fəridə Məmmədova, sənətşünaslar Cəmilə Həsənzadə, Reyhan Hüseynova təmsil edəcəklər.
Belə tədbirin məhz Azərbaycanın ali məktəbi ilə birgə hazırlanıb keçirilməsi çox əlamətdar hal və son illərdə Bakı Slavyan Universitetində beynəlxalq əlaqələrin yaradılıb möhkəmləndirilməsi istiqamətində görülən işlərin məntiqi nəticəsidir.
İNALKO Fransanın ən böyük və qədim ali təhsil ocaqlarından biridir. O, 1895-ci ildə Konventin qərarı ilə yaradılmışdır. Hazırda bu ali məktəbdə 92 xarici dil tədris edilir ki, bunlardan biri də 1996-cı ildən öyrədilən Azərbaycan dilidir.
Azərbaycan xalqının əbədi lideri Heydər Əliyevin uzaqgörənliklə verdiyi 2000-ci il 13 iyun tarixli fərmanı ilə keçmiş M.F.Axundov adına Azərbaycan Rus Dili və Ədəbiyyatı Pedaqoji İnstitutunun bazasında yaradılan Bakı Slavyan Universiteti İNALKO ilə əlaqələri 2001-ci ildə hər iki ali məktəbin rəhbərlərinin Parisdə tanışlığından başlanıb. 2002-ci ilin aprelində isə İNALKO-nun vitse-prezidenti Klod Aliberin Bakıya səfəri zamanı İNALKO ilə BSU arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb və əlaqələr yeni mərhələyə qədəm qoyub. Həmin müqavilə çərçivəsində 2003-cü ildə BSU-nun Avropaşünaslıq kafedrasının müdiri dosent Ə.Fərəcullayeva İNALKO-da olub, orada xarici dillərin tədrisi metodikası ilə bağlı təcrübəni öyrənib. Həmin ilin oktyabrında İNALKO-nun türkologiya departamentinin direktoru professor Mişel Özdəmir BSU-ya gəlib. Professor Mişel Özdəmirin Bakıya səfəri zamanı BSU və İNALKO arasında əməkdaşlığın yeni perspektivləri müəyyənləşdirilib. Bu əməkdaşlığın xarici dil tədrisi sahəsində təcrübə mübadiləsi, İNALKO-da Azərbaycan bölməsinin genişləndirilməsi, tələbə mübadiləsi və birgə konfranslar keçirilməsi istiqamətində davam etdirilməsi razılaşdırılıb və artıq ilkin nəticələrdən danışmaq olar.