SİYASƏT
Fransalı senator: Müşahidə apardığımız məntəqələrdə qaydalara ciddi riayət olunurdu
Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 9-da parlament seçkilərini izləmək üçün 20 seçki məntəqəsində müşahidə apardım. Həmçinin bir məntəqədə səslərin sayılması prosesini izlədim. Burada seçkilərin necə keçirilməsi və səslərin sayılması barədə çox dəqiq məlumat əldə edə bildim, bir sıra yeniliklərlə də tanış oldum. Ən maraqlı cəhət seçki zamanı səs verən şəxslərin barmaqlarına rəngsiz mürəkkəbin vurulmasıdır ki, bu da bir seçicinin təkrar səs verməsinin qarşısını alır. Bu, digər ölkələrin praktikasında mövcud deyil.
AZƏRTAC xəbər verir ki, bu sözləri Fransa Senatının Xarici əlaqələr və müdafiə komitəsinin vitse-prezidenti Joel Qerio Bakıda keçirdiyi mətbuat konfransında deyib.
“Müşahidə apardığımız məntəqələrdə qaydalara ciddi riayət olunurdu. Bir məntəqədən digərinə getməkdə çətinlik çəkmədik. Ümumilikdə, proses müsbət məcrada keçirdi. Təşkilatçılara minnətdarlığımı bildirirəm", - deyə Joel Qerio bildirib.
Fransanın Bol şəhərinin meri İv Metero isə 8 seçki məntəqəsində müşahidə apardığını qeyd edib. O deyib: “Mən hüquqşünasam. Burada Seçki Məcəlləsini nəzərdən keçirmək imkanım oldu. Seçki Məcəlləsi asan anlaşıla bilən formada hazırlanıb. Bütün namizədlər ondan asanlıqla istifadə edə bilərlər. Seçkilər normal şəraitdə keçdi”.