FRANSANIN ƏN NÜFUZLU “LÖ FİQARO” QƏZETİ BTC KƏMƏRİNDƏN YAZIB
Müəllif Lor Marşan məqaləsinin əvvəlində “qara qızıl”ı Xəzər dənizindən Qərbə axıdan Bakı-Tbilisi-Ceyhan kəmərinin ABŞ ilə dost olan ölkələrin ərazisindən keçdiyini göstərmişdir.
Fransız jurnalist göstərmişdir ki, Azərbaycanın paytaxtı Bakıdan, Gürcüstandan keçməklə Türkiyənin Ceyhan limanına qədər uzanan 1768 kilometrlik BTC-nin istifadəyə verilməsi münasibətilə Aralıq dənizinin sahilində Türkiyənin Ceyhan terminalında təntənəli açılış mərasimi keçirilmişdir. Müəllif yazır ki, Xəzər neftini Qərb bazarlarına ixrac edən Bakı-Tbilisi-Ceyhan təkcə iqtisadi deyil, həm də strateji önəm daşıyır və o, Şərq ilə Qərb arasında energetika dəhlizi rolunu oynayır.
Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi olan BTC-nin tarixinə toxunan Lor Marşan, “Əsrin müqaviləsi” adı ilə tarixə düşmüş layihənin 1994-cü ildə ünvanlanmasından, inşası 4 milyard dollara başa gəlmiş neft kəməri istifadəyə verildikdən sonra neftdən əldə edilən gəlirlərdən, layihədə iştirak edən dövlətlərə düşəcək paydan bəhs etmişdir.
Müəllif çətin dağlıq ərazilərdən keçdiyinə görə ağır zəhmət hesabına başa gələn kəmərin bölgə ölkələrinin həyatında oynayacağı roldan danışır, Azərbaycan ərazilərini işğal etdiyinə görə Ermənistanın iqtisadi baxımdan çox dəyərli layihələrdən kənarda qaldığını diqqətə çatdırır.
Bakı-Tbilisi-Ceyhanın ABŞ-a dost olan dövlətlərin ərazisindən keçdiyi xüsusi vurğulanan məqalədə, Azərbaycanın NATO-nun sülhməramlı tədbirlərində iştirakı, Gürcüstanın ABŞ tərəfindən dəstəklənməsi və Türkiyənin uzun illər Birləşmiş Ştatlarla dostluq münasibətində olması xatırlanmışdır.
Lor Marşan ABŞ-ın Ankaradakı səfirinin fikirlərinə istinad edərək göstərmişdir ki, neft və qazın nəqli Birləşmiş Ştatlar ilə əməkdaşlıq sahəsində mühüm əhəmiyyət kəsb etməklə yanaşı, regional gərginliyin stabilləşməsində böyük rol oynayacaqdır.
Xəzərin zəngin neft ehtiyatlarını və BTC-nin xüsusi strateji əhəmiyyətini qeyd edən müəllif, Qazaxıstanın da bu kəmərə qoşulmasından söz açmış, Qazaxıstan neftinin tankerlərlə Bakıya daşındığını bildirmişdir. Məqalədə neftlə zəngin olan Mərkəzi Asiyanın bu ölkəsinin yaxın vaxtlarda BTC vasitəsilə ildə 20 milyon ton nefti Qərbə ixrac edəcəyi barədə fransız oxucularına məlumat verilmişdir.
Məqalənin sonunda İstanbulun Qalatasaray Universitetinin beynəlxalq siyasət üzrə professoru Əli Faik Dəmirin fikrinə yer verilmişdir. Türkiyəli professor Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin ölkələr və xalqlar arasında dostluq əlaqələrinin inkişafında xüsusi rolunu qeyd etmişdir.