Fuad Sadıqov: Yanğından əziyyət çəkən sığortalı təsərrüfatlara ödənişlər ediləcək
Göygöl, 29 iyun, Elcan Məmmədov, AZƏRTAC
Biçin dövründə taxılın, həmçinin qaba və şirəli yemlərin yanğından qorunması üçün təhlükəsizlik qaydalarına ciddi əməl olunması və qabaqlayıcı tədbirlərin görülməsi çox vacib məsələdir.
Bununla bağlı AZƏRTAC-ın bölgə müxbirinin sualını cavablandıran Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, aqrar sığorta sistemi yanğından, dolu və sel sularından zərər çəkən fermer və sahibkarların da köməyinə çatacaq.
“Arpa və buğda sahələri sığortalanan təsərrüfatçılar bizə müraciət edərək xırda yanğınların olduğunu bildirirlər. Həmin sahələr ekspertlər tərəfindən qiymətləndirilir və yaxın gələcəkdə o təsərrüfatlara da ödənişlər olunacaq”, - deyən F.Sadıqov qeyd edib ki, ötən günlərdə İsmayıllıya dolu yağması nəticəsində ziyan görən, Yevlaxda və Aran zonasında leysan yağışlarından, sel sularından əziyyət çəkən sığortalı sahələr də qiymətləndiriləcək və ödənişlər ediləcək.
Qeyd edək ki, hazırda Aqrar Sığorta Fondu tərəfindən südlük inək və camışlar, 14 bitki növü (buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq) və akvakultura məhsulları (balıqlar) sığortalanır. Yaxın vaxtlarda aqrar sığortanın əhatə dairəsi genişlənəcək, ətlik mal-qara, qoyun-keçi təsərrüfatları da sığortalanacaq, bitkilərin siyahısı isə indiki 14-dən 40-a qaldırılacaq.
Hazırda fermerlər və sahibkarlar Aqrar Sığorta Fonduna və aqrar sığorta sisteminə daxil olan şirkətlərə müraciət etməklə təsərrüfatlarını sığortalaya bilərlər.