SİYASƏT
Füzulililər doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEO
Füzuli, 23 avqust (AZƏRTAC, Tahir Ağaməmmədov). Azərbaycanın füsunkar guşələrindən olan Füzulinin erməni təcavüzkarları tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar rayonun Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində anma mərasimi keçirildi.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin, ağsaqqalların, gənclərin, əmək kollektivləri nümayəndələrinin, şəhid ailələri üzvlərinin iştirak etdikləri tədbirdə torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edənlər 1990-cı illərin əvvəllərinə baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışdılar. Məlumat verildi ki, 1993-cü il avqustun 23-də Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun 82 kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Müharibə zamanı rayon sakinlərindən 735 nəfəri şəhid olub, 1240 nəfər sağlamlığını itirərək əlilə çevrilib. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş füzulililərdən 8 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. İşğal nəticəsində rayonun maddi-mədəniyyət abidələri məhv edilib, bölgəyə ümumilikdə, 6 milyard dollara yaxın ziyan dəyib.
Bildirildi ki, 1994-cü ilin yanvarında Azərbaycan ordusunun apardığı uğurlu əməliyyat nəticəsində rayonun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad edilib. Hazırda rayonun 1382 kvadratkilometr ərazisinin 682 kvadratkilometri - 1 şəhər, 61 kənd işğal altındadır.
Diqqətə çatdırıldı ki, 1996-cı ildən etibarən rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılıb. Bu dövrdə məcburi köçkünlər üçün 16 qəsəbə salınıb, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri, evlər yenidən tikilib və bərpa olunub, rayonun qazlaşdırılmasına başlanılıb, Horadiz qəsəbəsinə şəhər statusu verilib. Son 10 ildə Prezident İlham Əliyev Füzuliyə 4 dəfə səfər edib, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 4 Sərəncam imzalayıb.
Çıxışlarda bildirildi ki, dövlətimiz tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunan füzulililər doğma torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Onlar Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı aparılan danışıqlardakı prinsipial mövqeyini dəstəkləyirlər. Eyni zamanda, Ali Baş Komandanın əmri ilə erməni işğalçılarına qarşı döyüşmək üçün silaha sarılmağa hər an hazırdırlar.