GDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbir keçirilib








Gəncə, 21 aprel, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi əhəmiyyət kəsb edir. Prorektor qeyd edib ki, 12 noyabr 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirərək hüquqi demokratik dövlət quruculuğunun əsasını qoydu.
Tədbirdə universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, eləcə də universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxışlarında vurğulayıblar ki, dövlətimizin müstəqillik tarixinin mühüm hadisələrindən olan əsas qanunu məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanıb.
Tədbirdə Sosial fənlər kafedrasının müdiri dosent Cavid Bağırzadə “Azərbaycanın dövlət hüququ və konstitusiya tarixi”, Ümumi tarix kafedrasının müdiri dosent Etibar Musayev “Konstitusiyanın yaranma tarixi və müstəqil dövlətimizin formalaşmasında rolu”, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyev “Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən demokratik konstitusiyasıdır”, Sosial fənlər kafedrasının müəllimi Ramin Əliyev “Ümummilli Lider Heydər Əliyevin hüquq təlimi müasir Azərbaycan Respublikasının suverenliyinin təməli kimi”, Ümumi tarix kafedrasının müəllimi Yəhya Süleymanov “Konstitusiyamız milli suverenliyimizin qarantıdır” adlı məruzələrlə çıxış ediblər.