GƏLƏCƏK MÜƏLLİMLƏR 20 YANVAR ŞƏHİDLƏRİNİ ANIRLAR
Tədris işləri üzrə direktor müavini Füzuli Qasımov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, xalqımıza qarşı törədilmiş qanlı aksiyanın 14-cü ildönümü münasibətilə təhsil ocağında müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdə faciənin mahiyyətindən, ona siyasi qiymət verilməsində ümummilli liderimiz Prezident Heydər Əliyevin rolundan danışılır. Qeyd olunur ki, məhz görkəmli dövlət xadiminin müvafiq Fərmanından sonra hər il bu günü qeyd edir, şəhidlərin əziz xatirəsini anırıq. Azərbaycan Prezidenti İlham Əliyev də ənənəyə sadiq qalaraq xüsusi Sərəncam imzalamışdır. Faciənin ildönümü ərəfəsində tələbələr arasında rəsm əsərləri müsabiqəsi, “Vətənimizin tarixinə yazılmış qara gün” mövzusunda inşa müsabiqəsi keçirilmişdir. Bütün qruplarda 20 Yanvara həsr olunmuş divar qəzetləri buraxılmış, albomlar tərtib edilmişdir. Tələbələrin ifasında “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik” ədəbi-bədii kompozisiyası göstərilmişdir.
Kollecin himayəyə götürdüyü iki şəhid ailəsinə maddi yardım göstərilmişdir.