Gəlmə Turizm Komitəsinin ilk görüşü keçirilib və komitəyə üzv şirkətlər seçilib
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov və Gəlmə Turizm Komitəsinin (AZTA) rəhbəri Murad Kərəmovun iştirakı ilə gəlmə turizmlə məşğul olan 22 şirkət rəhbərləri və şirkət nümayəndəlikləri arasında görüş keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə “Böhran dövründə gəlmə (Incoming) turizm sektorunda mövcud problemlər, həll yolları və bu dövrdə AZTA-dan gözləntiləriniz” mövzusunda müzakirələr aparılıb. Müzakirələrdə Rusiya turizm şirkətləri ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində AZTA-nın təklif etdiyi tədbirlər planı müzakirə olunub və bu tədbirlər planı şirkətlər tərəfindən bəyənilib.
Görüşdə Rusiya turizm şirkətləri ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində “Victory Tour”, “A La Carte Travel” başda olmaqla bütün şirkətlər öz təcrübələrini digər şirkətlərlə bölüşüb. Komitənin fevralın 2-də təşkil ediləcək görüşündə Rusiya turizm şirkətlərinə təklif olunacaq tur məhsullarının müzakirəyə çıxarılması haqqında razılıq əldə edilib. Bundan başqa görüşdə yeni yaradılmış Gəlmə Turizm Komitəsinin aktiv üzv şirkətlərinin seçki prosesi həyata keçirilib.