Gənc qızlar üçün cəmiyyətdə qadınların rolunun əhəmiyyətinə dair təlim keçirilib
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə aprelin 6-da Bakı Avrasiya Kollecində “Güclü qadın - güclü gələcək” gənc qızların maarifləndirilməsi və təşəbbüs institutu” layihəsi çərçivəsində daha bir təlim keçirilib.
Nərimanov Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, təlimdə layihənin əsas məqsədinin gənc qızların, o cümlədən şagirdlərin və tələbələrin bu sahədə maarifləndirilməsi, onların hüquqlarının təbliği, gender bərabərliyinin təmin olunması, qadın zorakılığı hallarının aradan qaldırılmasıdır.
Qeyd edilib ki, bu gün qadınlar həm cəmiyyətdə ailə dəyərlərinin qorunmasında, həm də bu dəyərin yaranmasında əsas faktor kimi çıxış edirlər. Həmçinin qeyd olunub ki, insan hüquqlarının təmin olunması ilə bağlı məsələlər arasında məişət zorakılığının qarşısının alınması problemi getdikcə daha da aktuallaşır. Statistika göstərir ki, hər üç qadından biri həyatda bir dəfə də olsa belə zorakılığın, kobud davranışın, 5 min qadın isə hər il öz ailə üzvləri tərəfindən törədilən qətllərin qurbanı olur. Təəssüf ki, bu məsələ uzun müddət öyrənilməmiş, gizlədilmiş və məxfi saxlanılmışdır. Hətta Sokrat və Homer kimi antik müəlliflərin əsərlərində də qadınlara qarşı neqativ münasibətdən söhbət açılıb. Məişət zorakılığının qurbanı əsasən qadınlar və uşaqlardır. Təəssüf ki, belə hallara bizim ölkəmizdə də rast gəlinir. Biz də ailənin daha zəif nümayəndələrinin məişət zorakılığının müxtəlif formalarına məruz qalmaları ilə rastlaşırıq.
Çıxışlarda bu problemin qarşısının alınması üçün geniş maarifləndirmə işinin aparılmasının önəmi vurğulanıb, bu istiqamətdə atılan addımlardan söz açılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.