Gəncə Uşaq Evinin sakinlərinin bayram sevinci
Gəncə, 30 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Uşaq Evinin valideyn himayəsindən məhrum olan sakinləri üçün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə möhtəşəm bayram şənliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, balacaların böyük sevincinə səbəb olan bayram tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, AMEA-nın Gəncə Bölməsinin akademik-katibi Fuad Əliyev, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, eləcə də bir sıra idarə, təşkilat və müəssisələrin rəhbərləri iştirak ediblər.
Gəncə Uşaq Evinin direktoru Nazilə İsmayılova çıxış edərək, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında məlumat verib, bu günün əhəmiyyətindən söz açıb.
Uşaqlar üçün keçirilən şənlikdə çıxış edənlər əlamətdar bayramlar münasibətilə balacaları təbrik edib, onlara xoşbəxtlik və firavan həyat arzulayıblar.
Uşaq evinin sakinləri tərəfindən oxunulan mahnılar, oynanılan rəqslər, yeni ilin rəmzi olan Şaxta baba və Qar qızın balacalarla ünsiyyəti, eləcə də müxtəlif nağıl qəhrəmanlarının bir-birindən gözəl səhnəcikləri bayram şənliyini daha da yaddaqalan edib.
Sonra Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən uşaqlar üçün bayram süfrəsi açılıb.