Gəncədə erməni terroru nəticəsində dəymiş ziyan aradan qaldırılır
Bakı, 23 aprel, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılması üzrə işlər davam edir. Məlum olduğu kimi, Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində təxminən 3000 yaşayış və qeyri-yaşayış obyekti qismən zədələnib və ya tamamilə dağıdılıb. Dəymiş ziyanın aradan qaldırılması istiqamətində aparılan işlər sürətlə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri təmir-tikinti prossesinin getdiyi ərazilərə baş çəkib, işlərin gedişatı ilə yerində tanış olublar.
Hazırda dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş 23 yaşayış evinin tikintisi ilə bağlı işlər aparılır. 900-dən çox yaşayış və qeyri-yaşayış obyektində isə təmir-bərpa işləri gedir ki, onların da bir qismində işlər artıq yekunlaşıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüşüb, onların müraciət və təkliflərini dinləyib. Vətəndaşlar dəymiş ziyanın tez bir zamanda aradan qaldırılacağı üçün məmnunluqlarını ifadə edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.