REGİONLAR
Gəncədə Mühəndislik elmləri üzrə II Beynəlxalq Konfrans öz işinə başlayıb












Gəncə, 23 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universiteti (ATU) və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə Mühəndislik elmləri üzrə II Beynəlxalq Konfrans öz işinə başlayıb. Hibrid qaydada baş tutan konfransın plenar iclası ATU-da keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin büstü və ATU-nun şəhid tələbə və məzunlarının abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Sonra Dövlət Himni səsləndirilib, Vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad edilib.
ATU-nun rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov çıxış edərək konfransın mövzusunun aktuallığından danışıb. O, konfransa 10 ölkədən 121 məqalənin göndərildiyini qeyd edib.
Daha sonra İKSAD-ın prezidenti Mustafa Latif Emek, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Rasim Əliquluyev çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.
Plenar iclasda “Azəralüminium” MMC Gəncə İstehsalat Kompleksinin direktoru Cəmil Səfərovun və ATU İnnovasiya Mərkəzinin direktoru Şamo Salayevin məruzələri dinlənilib.
İclas zamanı Yaşar Ömərova İKSAD-ın təltifnaməsi təqdim olunub. Y.Ömərov isə İKSAD rəhbərliyinə "Şuşa" tablosunu hədiyyə edib.
Konfrans öz işini 15 istiqamət üzrə bölmələrdə davam etdirib. Panellərin bir hissəsi Türkiyədə təşkil olunub.