Gəncədə Şah Abbas yadigarı
Gəncə, 6 aprel, Rauf Hacıyev, AZƏRTAC
Gəncə abidələri içərisində memarlıq həllinə görə diqqəti cəlb edən ən böyük tikili Gəncə Şah Abbas məscididir. Bu məscid Cümə məscidi də adlandırılır. 1606-cı ildə böyük Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə inşa olunan məscidin layihəsi Şərqin tanınmış alimi - riyaziyyat və astronomiya elminə dərindən bələd olan memar Şeyx Bahəddin Məhəmməd Amili tərəfindən hazırlanıb. Vaxtilə Şah Abbasın şərəfinə adlandırılan meydanın yuxarı hissəsində tikilib.
Məscid kompleksinin ərazisi dördbucaqlı formasındadır. Hazırda Şah Abbas məscidi iri giriş tağından, iki qoşa minarədən və böyük məscid binasından ibarətdir. Vaxtilə kompleksin tərkibinə daxil olan mədrəsə, xan qəbiristanlığı və dəstəmaz çarhovuzu sovet hakimiyyəti illərində dağıdılıb. Mədrəsənin məscidlə müştərək kitabxanası da fəaliyyət göstərib. Keçən əsrin otuzuncu illərinin sonunda kitablar məscidin həyətində yandırılıb.
İbadət yerinin inşasında yerli bişmiş qırmızı kərpicdən istifadə edilib. Giriş tağındakı qapının üstündə iki daş kitabə bu günədək qorunub saxlanılır. Kitabələrdən biri ərəb, digəri isə fars dilindədir. Altı sətirlik ərəbdilli birinci kitabənin məzmunu belədir: “Nurlu Came məscidinin banisi və bu qədim yadigarı bəxş edən müqəddəslərin ağası I Şah Abbas Hüseyni, Musəvi, Səfəvi, Bahadur xandır”. Farsca yazılmış dörd sətirlik ikinci kitabənin məzmunu isə bu cür oxunur: “Gəncə şəhərində hər kəs bilə-bilə və ya bilmədən mülkiyyətə daxil olan Yuxarı və Aşağı məhəlləni qəsb etsə, əhaliyə zərər yetirsə, vilayətdə qarışıqlığa səbəb olsa, Allahın və imamların tənəsinə düçar olsun”.
Böyük meydandan məscid kompleksinə giriş qoşa minarələrin altındakı tağlı qapıdan keçir. 1794-cü ildə məsciddə təmir işləri aparılarkən minarələr də bərpa olunub. Lakin, bu zaman onların ilkin forması dəyişdirilib. Məscidin ümumi sahəsi 455 kvadratmetrdir. Dördbucaqlı plana malik olub, üstü günbəzlə örtülüb. Bir vaxtlar günbəzin üzərini mavi və yaşıl kaşılar bəzəyib. 1924-cü ildə Gəncə tütün fabrikinin sahibi Hacı Əli bu məscidin günbəzinə və damına şəxsi hesabına metal üzlük çəkdirib. Həmin vaxtdan indiyədək məsciddə nə qədər təmir işləri aparılsa da, məscidin metal örtüyünə toxunulmayıb.
Şah Abbas məscidinin minbəri vaxtilə Cavad xan tərəfindən palıddan düzəldilib. Minbərin ölçülərinin məscidin qapılarından böyük olması təsdiq edir ki, onu sənətkarlar məscidin daxilində yığıblar. Bu gün minbərin üzərində işlənmiş oyma bəzəklər Azərbaycan şəbəkəçilik sənətinin nadir nümunələrindən hesab edilir. Minbərin sol tərəfində ərəbcə iki sətir yazı həkk edilib. Hər iki sətir xırda nəsh xətti ilə oyulub. Birinci sətirin məzmunu belədir: “Bu məscid və minarə 1750-ci ildə Qarabağda yerləşdirilən qoşunlar tərəfindən böyük xəsarət almış və 1795-ci ildə Gəncə bəylərbəyi Cavad xan çoxlu xərc çəkib, onun təmirinə başlamışdır”. İkinci yazı isə bu cür oxunur: “Düşmən hücumlarından müxtəlif vaxtlarda zədə almış abidə Cavad xan tərəfindən iki dəfə əsaslı təmir olunub”. Məscidin daxili elə qurulubmuş ki, Qərb divarına düşən kölgə ibadət vaxtı çatan kimi itirmiş. Məscidin aldığı xəsarətlər nəticəsində minarələrdən biri başını yana əydikdən sonra kölgə daha əvvəlki kimi namaz vaxtını göstərmir.
Məscidin həyəti vaxtilə qəbiristanlıq ərazisi istisna olmaqla, qırmızı kərpiclə döşənibmiş. Müsəlmanlar yayda məscidin həyətində, qışda isə ibadət zalında namaz qılırlarmış. Həyətin divarı kiçik hissələrdən ibarət birmərtəbəli bina formasında hörülüb ki, orada da ruhanilər, axundlar, dərvişlər, seyidlər, mərsiyəxanlar və qismən də mədrəsədə təhsil alan tələbələr qalardı. 1804-cü ildə belə hücrələrin sayı 47-ə çatırdı. Hücrələrlə yanaşı, məscidin Şərq və qismən də Cənub tərəfindəki hasarı boyunca birmərtəbəli bina-mədrəsə yerləşirdi. Elə bu hücrələrdən birində dövrünün böyük şair Mirzə Şəfi Vazeh şagirdi, sonralar isə Azərbaycan dramaturgiyasının banisi, görkəmli mütəfəkkir Mirzə Fətəli Axundova nəstəliq xəttini öyrətmişdir.
Sovet hakimiyyəti illərində abidə acınacaqlı vəziyyətə salınıb təyinatı üzrə işlədilməsə də nəhayət, məscid əvvəlki fəaliyyətini 1990-cı ildən yenidən bərpa edərək gəncəli möminlərin istifadəsinə verilib. 2008-ci ildə Prezident İlham Əliyevin şəxsi göstərişi ilə Heydər Əliyev Fondunun hesabına Şah Abbas məscidində əsaslı bərpa işləri aparılıb, ibadətgahın qapı-pəncərələri dəyişdirilib, şəbəkələrə yenidən işlənilməklə əsrarəngiz görkəm verilib, divarlar xüsusi zövqlə rənglənib. Həmin il sentyabrın 24-də Prezident İlham Əliyev Şah Abbas məscidinə baş çəkib, onun yeni görkəmi ilə tanış olub və görülən işləri yüksək qiymətləndirib. Məsciddə dövlət qeydiyyatından keçmiş icma fəaliyyət göstərir.