REGİONLAR
Gəncədə şəhid ailəsi üzvləri və qazilər üçün tibbi müayinələr təşkil edilib
Gəncə, 29 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Gəncədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Elmi-Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə 14 şəhər və rayondan olan şəhid ailələrinin üzvləri və qazilər üçün tibbi aksiya təşkil edilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Hikmət İbrahimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, “Gəncə Sağlamlıq Günləri” çərçivəsində keçirilən tibbi aksiyada iştirak üçün 200-dən çox vətəndaş qeydiyyatdan keçib. Müayinələr həkim kardioloq (EKQ, EXO), nevropatoloq və endokrinoloqlar tərəfindən aparılıb, analizlərin cavabından sonra reseptlər təyin edilib. Ehtiyac olduğu təqdirdə pasiyentlər Elmi-Tədqiqat Kardiologiya İnstitutunda müayinələrə dəvət olunub.
Noyabrın 30-da isə Gəncə, eləcə də ətraf şəhər və rayonlardan 800-ə yaxın kardioloq, endokrinoloq, nevropatoloqun iştirakı ilə “Kardiologiyada rəhbər tövsiyələrə əsaslanan müasir yanaşmalar” mövzusunda elmi konfrans keçiriləcək. Dekabrın 1-də həkimlərin iştirakı ilə Gəncə şəhərində ağacəkmə aksiyası təşkil ediləcək.