Gəncədə Silahlı Qüvvələr Günü qeyd olunub
Gəncə, 25 iyun, E.Məmmədov, AZƏRTAC
Gəncə şəhərində Heydər Əliyev Park-Kompleksində Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev, hərbçilər, rəsmi şəxslər, qazilər, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edərək, abidəsi önünə gül dəstələri düzüblər. Sonra Şəhidlər xiyabanı ziyarət olunub.
Bayram tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən general-leytenant Ənvər Əfəndiyev Silahlı Qüvvələr Günü münasibətilə hərbi qulluqçuları təbrik edərək bildirib ki, Prezident İlham Əliyevin ordu quruculuğu sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində hazırda Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib.
Tədbir çərçivəsində Gəncə şəhər Heydər Əliyev Parkında olan “Zəfər Tağının” önündə Silahlı Qüvvələrin arsenalına daxil olan hərbi texnikalar, zirehli maşınlar və müxtəlif silahlardan ibarət sərgi təşkil edilib.
Həmçinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən "Əsgərə məktub" layihəsi həyata keçirilib. Sakinlər əsgərlərimizə məktub yazıb, işğaldan azad olunmuş torpaqlarda keşik çəkən hərbçilərə arzularını çatdırıblar.
Sonra konsert proqramı və atəşfəşanlıq olub.