QAN YADDAŞI
Gəncədə soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Gəncə, 31 mart (AZƏRTAC). Gəncə Dövlət Universitetində 31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Mərasimdə 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba və Azərbaycanın digər şəhər və rayonlarında daşnak-bolşevik qəsbkarlarının 50 minədək soydaşımızı qətlə yetirmələri, 10 minlərlə azərbaycanlının öz dədə-baba yurdlarından qovulması, eləcə də Şamaxıda 58, Zəngilan mahalında 115, İrəvan quberniyasında 211 kəndin erməni millətçiləri tərəfindən yerlə-yeksan edildiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, ümumilikdə həmin illər Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlıdan 567 mini öldürülmüş və sürgün edilmişdir.
Tarixi faktlara söykənən məruzə və çıxışlarda qeyd edilmişdir ki, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər sonrakı tarixi mərhələlərdə də davam etdirilmişdir. 1948-1953-cü illərdə ermənilər azərbaycanlıları daimi yaşadıqları Ermənistan SSR-dən çıxarmış, Azərbaycanın torpaqları hesabına öz ərazilərini genişləndirməyi davam etdirmişlər. Ən nəhayət, sovetlər birliyinin süqutundan sonra bu vəhşilik daha geniş vüsət almış, 1 milyondan artıq azərbaycanlı öz yurd-yuvasından didərgin salınmışdır.
Mərasimdə əsrlər boyu Azərbaycan xalqının başına gətirilən müsibətlər diqqətə çatdırıldıqdan sonra bildirilmişdir ki, bütün bu fəlakətlər yalnız ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra öz həqiqi qiymətini almışdır.
Mərasimin sonunda müxtəlif illərdə erməni vandalizmini əks etdirən sənədli film göstərilmişdir.