REGİONLAR
Gəncədə Strateji Ekoloji Qiymətləndirmə üzrə məlumatlılığın artırılması məqsədilə maarifləndirmə tədbirləri keçirilib



Gəncə, 2 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Strateji Ekoloji Qiymətləndirmə üzrə məlumatlılığın artırılması məqsədilə seminar keçirilib. Seminar Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü, BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi Konvensiyasının və Avropa İttifaqının “Avropa İttifaqı ətraf mühit naminə” proqramının maliyyə dəstəyi ilə reallaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk dəfə Bakı şəhərindən kənarda - Gəncədə təşkil edilən seminarda Strateji Ekoloji Qiymətləndirmə, eləcə də Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə milli potensialın inkişafı istiqamətində ETSN tərəfindən görülən işlər, ölkəmizin tərəfdaş olduğu milli və beynəlxalq qanunvericiliyin tələbləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Espo Konvensiyası Katibliyinin və yerli beynəlxalq təşkilatların nümayəndələri, beynəlxalq və milli ekspertlər, nazirliyin aidiyyəti qurumlarının əməkdaşları, Gəncə Şəhər İcra Hakimiyyətinin, eləcə də QHT-lərin, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Görüş çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı əsasında, Gəncə şəhərinin Baş plan layihəsinə tətbiq edilən Strateji Ekoloji Qiymətləndirmə üzrə pilot layihə çərçivəsində ictimai dinləmə də keçirilib, ekoloji qiymətləndirmə nəticələrinə dair rəy və təkliflər dinlənilib.