REGİONLAR
Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsinin 137 illiyi qeyd edilib
Gəncə, 13 sentyabr, AZƏRTAC
Gəncədə yerləşən Aleksandr Nevski adına Rus-Pravoslav Kilsəsinin 137 illiyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dini mərasim zamanı kilsə zəngləri çalınıb, dini ayinlər icra olunub. Mərasim Bakı və Azərbaycan yepiskopu Aleksiy tərəfindən icra olunub.
Tədbirdə Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən Regional bölməsinin əməkdaşları, eyni zamanda, xristian dinindən olan şəhər sakinləri iştirak ediblər.
Bakı və Azərbaycan yepiskopu Aleksiy qeyd edib ki, burada yaşayan pravoslav xristianlar Azərbaycan hökumətinin yürütdüyü xalqlar və dinlərarası siyasəti yüksək qiymətləndirirlər. “Bu yaxınlarda Moskva və bütün Rusiyanın Patriarxı Kirillin də dediyi kimi, Azərbaycan dünya üçün tolerantlıq, çoxkonfessiyalı, müxtəlif xalqların birgə yaşayış nümunəsidir”, - deyə o qeyd edib.
Qeyd edək ki, Gəncədə yerləşən Aleksandr Nevski adına Rus-Pravoslav Kilsəsi 1887-ci ildə Bizans üslubunda plint kərpicdən inşa edilib. Kilsə həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına tikilib. 44 il ibadət evi kimi fəaliyyət göstərdikdən sonra 1931-ci ildə Sovet hökuməti tərəfindən bağlanıb. 1935-1938-ci illərdə muzey binası olan məbəd, bir müddətdən sonra kafedral anbar kimi istifadə edilib. Bina 1946-cı ildə Rus Pravoslav Kilsəsinə qaytarılıb və yenidən qapılarını ibadət edənlərin üzünə açıb. Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsinin 7 zəngi var. Onlardan ən qədimi 1238-ci ilə aiddir. Qədim interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxıb. Bunlar arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonalarını xüsusi qeyd etmək olar. Tarixə şahidlik edən bu məbəd 2020-ci ildə ermənilərin Gəncədə törətdiyi terror zamanı – raket hücumu nəticəsində zərər görüb. Kilsə Bakı və Azərbaycan Yeparxiyasının tabeliyindədir.