GƏNCƏNİN BAŞ MEYDANI DAHA YARAŞIQLI OLACAQDIR
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Tovuz rayonuna səfərini başa çatdırdıqdan sonra mayın 30-da Gəncə şəhərinə gəlmişdir.
Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə Gəncənin baş meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoydular.
Prezident İlham Əliyev bütövlükdə baş meydanın və ətraf ərazinin yeni işıqlandırma sisteminin layihəsi ilə tanış oldu. Bildirildi ki, xalqımızın ümummilli liderinin adını daşıyan muzeyin, park və digər obyektlərin gecə mənzərəsinin tamamilə yeniləşdirilməsi üçün işlər davam etdirilir.
Dövlətimizin başçısı şəhər icra hakimiyyətinin binasında aparılan təmir işlərinə də baxdı, baş meydanın plitələrinin dəyişdirilməsi, müasir işıqlandırma sistemi ilə təmin olunması və təmir işlərinin keyfiyyətlə görülməsi barədə tövsiyə və tapşırıqlarını verdi.