Gənclər evləri və mərkəzlərinin əməkdaşları üçün beynəlxalq seminar keçirilib
Bakı, 19 noyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyi ilə Avropa Şurasının Gənclər Departamenti arasında ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində noyabrın 18-19-da Gənclər evləri və gənclərlə işləyən mərkəzlərin əməkdaşları üçün “Gənclər mərkəzlərinin rolu, dəyəri və təsiri” mövzusunda onlayn seminar keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ikigünlük seminarın təşkilində əsas məqsəd gənclərlə iş sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, Avropa Şurasının gənclər mərkəzlərinin iş prinsipləri, yanaşmaları və standartları ilə tanış olmaqdır.
Seminarın açılışında gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Avropa Şurasının Gənclər Departamentinin təhsil və təlim şöbəsinin direktoru Rui Qomeş iştirak ediblər.
Tədbirə, həmçinin Azərbaycanda fəaliyyət göstərən Gənclər evləri, Gənclərin İnkişaf və Karyera mərkəzlərinin 100-dən çox əməkdaşı qatılıb.