QAN YADDAŞI
“Gənclər terror əleyhinə” şüarı altında virtual aksiya keçirilmişdir
Bakı, 31 mart (AZƏRTAC). Martın 31-də Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının (ATGTİ) gərargahında Azərbaycan xalqına qarşı 93 il əvvəl ermənilərin törətdiyi soyqırımı faktının dünya ictimaiyyətinə çatdırılması məqsədilə virtual aksiya keçirmişlər.
AZƏRTAC xəbər verir ki, aksiya “Gənclər terror əleyhinə” şüarı altında keçirilmişdir. Tədbirdə ATGTİ-nin sədri Şahin İsmayılov erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı siyasətindən söhbət açmış, ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 fevral tarixli Fərmanının əhəmiyyətindən bəhs etmişdir. Bildirmişdir ki, Fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından, bir növ, proqram sənəddir.
Aksiya çərçivəsində ATGTİ-də toplaşan gənclər Avropa Şurasının, Avropa Parlamentinin, BMT-nin müxtəlif struktarlarının, nüfüzlu beynəlxalq siyasi təşkilatların, xarici ölkələrin parlament üzvlərinin və diplomatik korpusun elektron poçt ünvanlarına 1918-ci ilin martında ermənilər tərəfindən Azərbaycan ərazisində məqsədyönlü şəkildə həyata keçirilmiş kütləvi terror aktları barədə minlərlə məlumat yollamışlar. Soyqırımı ilə bağlı bir neçə dilə tərcümə olunmuş məlumatlar və fotoşəkillər 25 mindən çox elektron ünvana göndərilmişdir.
Ermənilərin törətdiyi dəhşətli soyqırımın qurbanı olmuş soydaşlarımız, Şamaxı, Quba, Lənkəran və digər bölgələrdə yandırılmış kəndlər haqqında videoçarx nümayiş etdirilmişdir.