QAN YADDAŞI
GƏNCLƏR ÜÇÜN TƏHSİL MƏRKƏZİ XOCALI SOYQIRIMI İLƏ ƏLAQƏDAR BƏYANAT YAYMIŞDIR
Bakı, 24 fevral (AZƏRTAC). Gənclər Üçün Təhsil Mərkəzinin təmsilçiləri Xocalı faciəsinin 17-ci ildönümü ərəfəsində Xətai rayonundakı “Ana harayı” abidəsini ziyarət etmişlər. Ziyarətin sonunda erməni millətçilərinin bu Azərbaycan şəhərində törətdikləri soyqırımla əlaqədar bəyanat səsləndirilmişdir.
Bütün beynəlxalq gənclər və təhsil təşkilatlarına, xarici ölkə səfirliklərinə göndərilmiş sənəddə Ermənistanın uzun illərdən bəri yürütdüyü işğalçılıq siyasəti və onun nəticələri, o cümlədən Xocalıda törədilmiş faciə xatırladılır. Məlumat verilir ki, Xocalı soyqırımı 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoymuş, 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş, 155 nəfər itkin düşmüşdür. Bəyanatda deyilir ki, Xocalı şəhərində törədilmiş müdhiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir. Əvvəlcədən planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən sakinlərə aman verilməmiş, onlar yollarda, meşələrdə pusqu qurmuş erməni hərbçiləri tərəfindən amansızlıqla qətlə yetirilmişlər.
Bəyanatda təəssüflə qeyd edilir ki, Xocalı faciəsinə bu günə kimi beynəlxalq hüquqi qiymət verilməmiş, insanlığa qarşı törədilmiş cinayət öz layiqli qiymətini almamışdır.
Gənclər ümidvar olduqlarını bildirirlər ki, dünya birliyi Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək, Xocalı soyqırımını törədən erməni terrorçuları və onların himayədarları cinayət məsuliyyətinə cəlb olunacaqlar.