“GƏNCLƏRİN İNKİŞAFI” LAYİHƏSİNİN HƏYATA KEÇİRİLMƏSİNƏ DAİR ANLAŞMA MEMORANDUMU İMZALANMIŞDIR
AZƏRTAC xəbər verir kİ, sentyabrın 6-da Gənclər və İdman Nazirliyində bu qurum ilə ABŞ-ın Sülh Korpusu arasında “Gənclərin inkişafı” layihəsinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanmışdır.
ABŞ Sülh Korpusunun nümayəndələrini salamlayan gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, bir neçə ay öncə başlanan danışıqlar bu gün reallığa çevrilməkdədir. Nazir diqqətə çatdırmışdır ki, korpusun nümayəndələri Azərbaycanda sayca üçüncü layihənin həyata keçirilməsinə başlamışlar.
Azərbaycanda Sülh Korpusunun indiyədək iqtisadiyyat və təhsil sahələrində həyata keçirdiyi layihələrin böyük əhəmiyyətini vurğulayan A.Rəhimov, yeni başlanan işin də hər iki xalqın gənclərinin həyatında böyük önəm daşıyacağını söyləmışdır.
Azad Rəhimov əmin olduğunu bildirmişdir ki, əhalisinin 66 faizini gənclər və gənc ailələr təşkil edən Azərbaycanda fəaliyyətə başlayacaq Sülh Korpusunun 15 nəfərdən ibarət könüllüləri öz bilik və bacarıqlarını ölkəmizdəki həmyaşıdlarına aşılayacaqlar.
Bakıya gəlməsindən böyük qürur duyduğunu deyən ABŞ Sülh Korpusunun Azərbaycan üzrə direktoru Zolton Siqeti layihə çərçivəsində görəcəkləri işlərdən
danışmışdır. Qonaq bildirmişdir ki, korpusun 15 könüllüsü 2 il müddətinə 14 rayonda fəaliyyət göstərəcəkdir.
Z.Siqeti vurğulamışdır ki, layihənin həyata keçirilməsindən məqsəd gənc nəsildə sağlam həyat tərzinin təşviqi, liderlik və sahibkarlıq bacarıqlarının inkişafı, habelə gender bərabərliyinin təbliği, regional, milli və beynəlxalq səviyyədə fikir mübadiləsinin aparılmasıdır.
Bildirilmişdir ki cari ildə Azərbaycanda fəaliyyət göstərən Sülh Korpusunun nümayəndələrinin ümumi sayı 88 nəfərə çatacaqdır.
Sonda gənclər və idman naziri Azad Rəhimov və Zolton Siqeti “Gənclərin inkişafı” layihəsinin həyata keçirilməsinə dair Anlaşma Memorandumunu imzalamışlar.