GENNADİ QUDKOV: BAŞQA ÖLKƏLƏR DƏ RUSİYA- AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNDƏN NÜMUNƏ GÖTÜRMƏLİDİRLƏR
Gennadi Qudkov Rusiya-Azərbaycan münasibətlərində terrorizmlə mübarizə sahəsindəki tərəqqini xüsusi vurğulamışdır. O demişdir: “Biz bu məsələdə Azərbaycanın tutduğu mövqeyi tamamilə düzgün hesab edirik və həmin sahədə əməkdaşlıqda problemlərimizin bundan sonra da başa düşüləcəyinə ümidvarıq”.
Deputat Rusiya-Azərbaycan sərhədindəki vəziyyətə toxunaraq bildirmişdir ki, bu, keçid dövrünün çətinlikləridir, çünki bütöv hissələrə bölünəndə həmişə problemlər yaranır. Onun fikrincə, bütün bu problemlər müvəqqəti xarakter daşıyır, müəyyən vaxtdan sonra nizama salınır və qaydaya düşür.
Rusiya parlamentinin üzvü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və bu prosesdə Rusiyanın rolu barədə də öz fikrini açıqlamışdır. O demişdir ki, Rusiya vaxtilə Sovet İttifaqının tərkibində olan bütün dövlətlərin ərazi bütövlüyünü tanıyır və münaqişənin tezliklə sülh yolu ilə nizama salınmasını istəyir. “Bu, Cənubi Qafqazda ən mürəkkəb problemdir və Rusiya onu həll etmək istərdi. Biz belə bir münaqişənin mövcudluğunu təəssüflə qeyd edirik. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiya bu münaqişənin həlli yollarını tapmağa səy göstərir. Tərəflər arasında güzəştli qərar qəbul edilən kimi, münaqişə nizama salınacaq, bu da bütün regionda təhlükəsizliyi xeyli möhkəmləndirəcək və Rusiyaya daha fəal birgə hərbi siyasət yeritməyə, hərbi-texniki sahədə əməkdaşlıq etməyə və regionda siyasi sabitliyi möhkəmləndirməyə imkan verəcəkdir. Əlbəttə, biz ərazi problemlərinin tezliklə həll olunmasını, sərhədlərin toxunulmazlığının tanınmasını istəyirik. Prezidentimiz dəfələrlə bəyan etmişdir ki, Rusiya sərhədlərin toxunulmazlığının, öz ərazilərini qonşuların hesabına genişləndirməyə heç kimin cəhd göstərməməsinin təminatçısı olmağa hazırdır. Biz güzəştli qərar qəbul edilməsini, Azərbaycanın və Ermənistanın qarşılıqlı anlaşmaya nail olmasını, təmas nöqtələri tapmasını çox istəyirik, Rusiya isə təminatçı kimi çıxış etməyə hazırdır. Zənn edirəm ki, belə olarsa, heç kimdə status-kvonu dəyişdirməyə cəhd göstərmək arzusu olmayacaqdır”.