GEOLOGİYA İNSTİTUTUNDA ABŞ SƏFİRLİYİNİN NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AMEA-nın Yer elmləri bölməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Geologiya İnstitutu ilə ABŞ-ın elmi ocaqları, fondları və s. təşkilatları arasındakı əməkdaşlıqdan, təcrübə mübadiləsindən danışılmışdır. ABŞ-ın Elmi Araşdırmalar və İnkişaf Fondu (CRDF) ilə qurulan iş birliyi T.Sadovskini daha çox maraqlandırmışdır. İnstitutun baş elmi işçisi Fəxrəddin Qədirov qonağa demişdir ki, CRDF ötən ilin sonlarında Geologiya İnstitutuna 225 min dollar məbləğində qrant vermişdir. Həmin vəsait hesabına müxtəlif aparatlar – Cənubi Afrika Respublikasının istehsalı olan “İSS” seysmik monitorinq sistemi, ABŞ-da istehsal olunan üç ədəd “GPS Trimble - 5700” qurğusu və bir ədəd “Burris gravity meter” cihazı, həmçinin bir kompüter dəsti alınıb. Bu avadanlıq Azərbaycan ərazilərinin müasir geodinamik şəraitinin kompleks tədqiqində istifadə olunur. Onların vasitəsi ilə Azərbaycanda və ona yaxın ərazilərdə baş verən zəlzələnin gücünü dərhal ölçmək, həmçinin yer qabığında gedən və zəlzələyə səbəb olan seysmik prosesləri izləmək mümkündür. Geologiya İnstitutu CRDF ilə 5 ildir ki, əməkdaşlıq edir. Bu müddətdə fonddan 5 dəfə qrant alınmışdır.
İnstitutun direktoru akademik Akif Əlizadə ABŞ alimləri və müxtəlif elmi təşkilatları ilə əməkdaşlıqdan razı qaldığını bildirib və buna görə qonağa institut adından təşəkkür edib. O, CRDF-in elektron kitabxanasından istifadə üçün yardımçı olmağı qonaqdan xahiş edib. T.Sadovski bunun üçün əlindən gələni edəcəyinə söz verib.
Sonra, akademik A.Əlizadə institutun alimlərinin son illərdə çap olunmuş fundamental tədqiqat işlərini səfirliyin nümayəndəsinə təqdim edib. Qonağa 3 kitab təqdim olunub: “Xəzər regionunun karbohidrogen potensialı”, “Cənubi Xəzər hövzəsi: geologiya, geofizika və neft-qazlılıq”, “Palçıq vulkanları haqqında hər şey”.
T.Sadovski təşəkkür edərək görülən işlərdən və görüşdən razı qaldığını bildirib, ABŞ alimləri və təşkilatları ilə aparılan əməkdaşlığı davam etdirməyin tərəfdarı olduğunu söyləyib.