CƏMİYYƏT
Gəray Gəraybəyli: Bu gün dövlət tibb müəssisələrində 201 nəfər psixiatr çalışır
![Gəray Gəraybəyli: Bu gün dövlət tibb müəssisələrində 201 nəfər psixiatr çalışır](/files/2024/1/1200x630/17119641685780832750_1200x630.jpg)
Bakı, 1 aprel, AZƏRTAC
Adətən hər hansı ekstremal, cəmiyyəti sarsıdan hallardan sonra geniş ictimaiyyət arasında psixiatrik məsələlər müzakirə edilir. Bu gün aqressiya, depressiya, panik atak hallarının gənclər arasında artması kifayət qədər həyəcanlı xəbərlərdəndir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr olunmuş dəyirmi masada çıxış edərkən deyib.
Rektor bildirib ki, bir çox xəstəxanalarda xəstələr aylarla, illərlə qalır: "Qanunvericiliyə əsasən üç həkimdən ibarət komissiya xəstənin qohumunun icazəsi olmadan da onu evə buraxa bilər. Amma həkimlər bunu edə bilmir. Çünki qohumlar həkimlərə hədə-qorxu gəlir. Həkimə deyirlər ki, həmin xəstə bir hadisə törətsə, buna kim cavab verəcək? Hətta onların pensiya kartlarını da özlərində saxlayırlar. Bu gün dövlət tibb müəssisələrində 201 nəfər psixiatr çalışır. Əvvəllər bu rəqəm 533 nəfər idi", - rektor qəbul edib.