GİMNASTIMIZ FİNALDA YARIŞMIŞDIR
Azərbaycan gimnastı Anna Qurbanova İspaniyanın cənubundakı Marbelye şəhərində keçirilən Qran-pri yarışlarının finalında 9-cu yeri tutmuşdur. Respublika Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, A.Qurbanova gürzlərlə final kompozisiyasından sonra 16,2 bal toplayaraq bu nəticəni göstərmişdir.
A.Qurbanova çoxnövçülükdə 25 gimnast arasında 8-9-cu yerləri bolqarıstanlı Simona Peyçeva ilə bölüşmüşdür. Yarışda 4 qızıl medal qazanmış rusiyalı Alina Kabayeva birinci yeri tutmuşdur. Gümüş və bürünc medallara Anna Bessonova və Vera Sesina layiq görülmüşlər.
Rusiyanın şimal paytaxtında keçirilən Dünya kuboku yarışlarında isə ölkəmizin yaşlılardan ibarət qrup komandası iştirak edirdi. Qrup iplə hərəkətlərdə 9-cu, gürzlə hərəkətlərdə isə 12-ci nəticəni göstərmişdir. Qızlarımız çoxnövçülükdə 15 komanda arasında 11-ci yeri tutmuşlar. Yarışların qalibi isə gözlənilmədən Rusiya və Bolqarıstan qrup komandalarını qabaqlamış İtaliya gimnastları olmuşlar.
Hazırda qrup komandamızı aprelin 27-29-da Portuqaliyanın Portimau şəhərində keçiriləcək Dünya kuboku yarışlarının daha bir mərhələsi gözləyir. Yarışlarda Anna Qurbanova, Dinara Gimatova və Aliyə Qarayeva iştirak edəcəklər.
Beynəlxalq Gimnastika Federasiyası yarışlar ərəfəsində dünyanın 30 ən yaxşı gimnastının və qrupunun yeni reytinq cədvəlini açıqlamışdır.
Gimnastlarımız arasında ən yüksək göstərici halqa ilə 8-ci yeri tutan A.Qarayevaya məxsusdur. Gimatovanın nəticəsi lentlə 13-cü yerdir. A.Qurbanova iplə 15-ci yeri tutur, qrup komandamız isə 9-cu yerdədir.
Azərbaycanın yeniyetmələrdən ibarət qrup təmrinləri komandasının aprelin 27-də rusiyalı mütəxəssis İnna Bıstrovanın rəhbərliyi ilə həftəlik təlim-məşq toplanışları başlanacaqdır. Xatırladaq ki, yeniyetmələrdən ibarət qrup 5 cüt gürzlə iyunun 29-dan iyulun1-dək Bakıda keçiriləcək bədii gimnastika üzrə 23-cü Avropa çempionatında çıxış edəcəkdir.