GÖMRÜK QAYDALARINI POZANLARA QARŞI TƏDBİRLƏR SƏRTLƏŞDİRİLİR
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 2005-ci il ərzində gömrük orqanları tərəfindən aşkar olunmuş 5372 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 718 hüquqi şəxs (onlardan 212-si xarici hüquqi şəxsdir) və 4657 fiziki şəxs (o cümlədən 762 əcnəbi) inzibati məsuliyyətə cəlb edilmişdir. Onlara 2 milyard 349 milyon manatdan çox cərimə tətbiq edilmiş, habelə 963,5 milyon manat dəyərində mallar müsadirə olunmuşdur.
İnzibati xəta faktlarının 477-si malların və nəqliyyat vasitələrinin bəyan edilməsi və ya düzgün bəyan edilməməsi ilə əlaqədardır. Digər faktlar malların və nəqliyyat vasitələrinin gömrük nəzarətindən kənar və gizli keçirilməsi və başqa pozuntularla əlaqədar olmuşdur.