Goranboyda odlu silahdan atəş açan şəxs saxlanılıb
Gəncə, 7 aprel, Elcan Məmmədov, AZƏRTAC
Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayon Börü qəsəbəsində 1 nəfərin odlu silahdan atəş açması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib və silahlı şəxs tərk-silah edilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, 1962-ci il təvəllüdlü Mətləb Məmmədov, onun övladları - 1993-cü il təvəllüdlü Surət Məmmədov, 1998-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Samir Məmmədov və Mətləb Məmmədovun həyat yoldaşı 1966-cı il təvəllüdlü Ş.Əliyeva 2006-cı il təvəllüdlü A.Yunislinin evinə gələrək, orada sonuncu və ailə üzvləri ilə münaqişə etmiş, Surət Məmmədov avtomobildə olan ov tüfəngindən havaya atəş açmışdır.
Hadisə nəticəsində odlu silahdan deyil, əlbəyaxa münaqişə nəticəsində bir neçə nəfər xəstəxanaya müraciət edib, vəziyyətləri normaldır. Mətləb Məmmədov, Surət Məmmədov və Samir Məmmədov saxlanılıb.
Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.