GÖRKƏMLİ ŞƏRQŞÜNAS ALİM AİDA İMANQULİYEVANIN XATİRƏSİ ANILMIŞDIR
Salonda alimin həyat və fəaliyyətindən, elmi yaradıcılığından bəhs edən sərgi təşkil olunmuşdu.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Abel Məhərrəmov mərasimi açaraq, professor Aida İmanquliyevanın zəngin elmi fəaliyyətindən, şərqşünaslığın inkişafındakı müstəsna xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, alimin əsərləri dünya şərqşünaslığı xəzinəsinə daxil olmuş çox dəyərli araşdırmalardır. Bütün bilik və bacarığını Azərbaycan elminin tərəqqisinə həsr etmiş, üç sanballı monoqrafiyanın, 70-dən artıq elmi məqalənin müəllifi olan Aida xanım şərqşünaslıq elmimizi müxtəlif nüfuzlu beynəlxalq tədbirlərdə ləyaqətlə təmsil etmişdir.
Mərasimdə çıxış edən AMEA-nın müxbir üzvü Vasim Məmmədəliyev, BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov və başqaları Aida İmanquliyevanın şərqşünaslıq elmimizə verdiyi dəyərli töhfələrdən, zəngin elmi irsindən və təşkilatçılıq bacarığından ətraflı bəhs etmişlər.
Bildirilmişdir ki, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) şərqşünaslıq fakültəsini bitirən Aida İmanquliyeva 1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. O, ilk azərbaycanlı qadın-şərqşünas elmlər doktoru idi. 1991-ci ildən ömrünün sonunadək akademiyanın Şərqşünaslıq İnstitutunun direktoru olmuşdur. O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti Rəyasət heyətinin, Şərq ədəbiyyatının tədqiqi üzrə əlaqələndirmə şurasının üzvü idi. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida xanım Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri idi. Onun elmi araşdırmalarının zirvəsi olan “Yeni ərəb ədəbiyyatı korifeyləri” monoqrafiyası keçmiş ittifaq, o cümlədən Azərbaycan şərqşünaslığında mühüm hadisə idi.
Alimin ərəb ədəbiyyatına dair məqalələri, beynəlxalq elmi konfrans və simpoziumlardakı çıxışları yeni ərəb ədəbiyyatının daha dərindən öyrənilməsi üçün ən gözəl mənbələrdən biridir.
Şərqşünaslıq fakültəsinin professor və müəllimləri BDU-da professor Aida İmanquliyeva adına təqaüd təsis edilməsi barədə təşəbbüs irəli sürmüşlər.