Göyçayda 20 Yanvar şəhidlərinin ailələrinə yardım edilib
Göyçay, 20 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
İyirmi Yanvar faciəsinin növbəti ildönümü Göyçay rayonunda da qeyd edilib.
AZƏRTAC xəbər verir ki, yanvarın 20-də minlərlə göyçaylı 26 il əvvəl Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların əziz xatirəsini ehtiramla yad ediblər. Rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, gənclər Şəhidlər xiyabanına toplaşaraq Vətənin qəhrəman övladlarının məzarları üzərinə gül dəstələri düzüb, şəhidlərin ruhu qarşısında baş əyiblər.
Həmçinin qanlı şənbə gecəsində düşmən gülləsinə tuş gələn və ölümsüzlüyü ilə şəhidlik zirvəsinə ucalan göyçaylı Rauf İsayev və Mehman Muradovun ailə üzvləri ilə, sağlamlığını itirən II qrup əlil Fərhad Bayramovla görüş keçirilib. Rayon icra hakimiyyəti tərəfindən onların ailələrinə yardım verilib. Sonra şəhidlərin təhsil aldıqları orta məktəblərdə anım mərasimləri təşkil olunub. Göyçay şəhərindəki iki məsciddə dini mərasimlər keçirilib, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ehsan mərasimi təşkil edilib.