Göyçayda güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır
Göyçay, 4 dekabr (AZƏRTAC). Dekabrın 3-ü saat 16:00 radələrindən başlayaraq əsən güclü külək Göyçay rayonunda ciddi fəsadlara səbəb olmuşdur.
Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Ramiz İbrahimov AZƏRTAC-a bildirmişdir ki, təxminən 13 saatdan çox bir vaxtda əsən güclü küləyin təsiri nəticəsində Göyçay şəhərində və bütün kəndlərdə elektrik enerjisinin verilişi tamamilə dayanmışdır. Güclü külək bir çox yerdə ağacları, elektrik, rabitə və gecə işıqlandırma dirəklərini aşırmış, naqillər qırılaraq sıradan çıxmışdır.
Komissiya sədrinin sözlərinə görə bir sutka ərzində Göyçay rayonunun 40-a yaxın yaşayış məntəqəsində elektrik və rabitə xidmətinin fəaliyyəti iflic olmuş, internet kəsilmişdir. Gecə saatlarında bir neçə yerdə iri gövdəli ağaclar tövlələrin, yardımçı tikililərin, sahibkarlıq obyektlərinin üzərinə düşmüşdür. Göyçay şəhərində və kəndlərdə 40-dan çox ağac yıxılmış, yollar müəyyən müddətdə bağlı qalmış, elektrik və rabitə xətləri qırılaraq yerə düşmüşdür. Külək rayon ərazisində 30-a yaxın evin və yardımçı tikililərin dam örtüyünü qoparmışdır. Qasırğa bu gün səhər saat 5-dək davam etmişdir.
Dekabrın 4-də səhər saatlarından rayonda elektrik və rabitə xətlərinin bərpası üçün tədbirlər görülməyə başlanılmış, evlərin üstünə və küçələrə yıxılan ağaclar kəsilərək ərazidən götürülmüşdür. Rayon fövqəladə hallar komissiyasının nümayəndələri küləyin təsiri nəticəsində ziyan çəkən vətəndaşların müraciətlərini qəbul etmiş, evlərə, obyektlərə baxış keçirilmiş və hazırda dəyən ziyanın məbləği hesablanır. Dekabrın 4-də axşam saatlarınadək rayonun bütün yaşayış məntəqələrində elektrik və rabitə xətləri tamamilə bərpa edilmişdir.