GÖYÇAYDA VERTOLYOT QƏZASININ SƏBƏBLƏRİ ARAŞDIRILIR
Hadisə nəticəsində Göyçay rayon sakinlərindən xəsarət alanlar olmamış, qəzaya uğrayan vertolyot boş əraziyə düşdüyünə görə dövlət mülkiyyətində olan və vətəndaşlara məxsus əmlaka ziyan dəyməmişdir. Qəza nəticəsində həmin ərazidən keçən yüksək gərginlikli elektrik xətlərində yaranmış nasazlıq aradan qaldırılmışdır.
Baş vermiş qəza barədə məlumat daxil olan andan hadisə yeri və ona bitişik ərazilərin ciddi mühafizəsinin təmin edilməsi haqqında Göyçay rayon hüquq mühafizə orqanlarına göstəriş verilmiş, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin peşəkar əməkdaşlarından ibarət istintaq qrupu dərhal Göyçay rayonuna ezam edilmişdir.
Eyni zamanda, baş vermiş aviasiya qəzasının səbəblərinin araşdırılması üçün «Azərbaycan Hava Yolları» Dövlət Konserninin Baş direktorunun müavini A.Taloninin rəhbərliyi ilə xüsusi komissiya yaradılmış və hazırda həmin komissiya Ədliyyə Nazirliyinin Elmi Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun, Səhiyyə Nazirliyinin «Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya» Elmi-təcrübə və tədris birliyinin, «Azərenerji» Səhmdar Cəmiyyətinin ekspertləri və mütəxəssislərinin, habelə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi nümayəndələrinin iştirakı ilə hadisə yerinə baxış keçirilir.
Baş vermiş aviasiya qəzası ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü (dəmir yolu, su və hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmış, mütəxəssislərin iştirakı ilə hadisə yerinin müayinəsinin aparılması, hadisəni görən şahidlərin müəyyənləşdirilib dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və digər zəruri istintaq-əməliyyat hərəkətlərinin icrası təmin olunur.
İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.