Göygöldə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib
Göygöl, 31 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramına həsr olunmuş genişmiqyaslı bayram tədbiri baş tutub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Göygöl Rayon Olimpiya İdman Kompleksində keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə kollektivləri iştirak ediblər. Tədbirə həmçinin şəhid ailələri, qazilər, ağsaqqallar, ziyalılar və rayon ictimaiyyəti daxil olmaqla ümumilikdə 1000-dən çox iştirakçı qatılıb.
Tədbirin bədii hissəsində respublikanın tanınmış incəsənət xadimlərinin və yerli kollektivlərin iştirakı ilə zəngin konsert proqramı təqdim olunub.
Tədbirdə uşaqlar üçün maraqlı səhnəciklər də yer alıb. Şaxta baba və Qar qızın iştirakı, Göygöl UGİM rəqs qrupunun ifasında "Santa Klaus" və "Rok en Rol" rəqsləri, eləcə də 6 nömrəli tam orta məktəbin şagirdlərinin "Şuşanın dağları" rəqsi nümayiş olunub.
Çıxışlardan sonra Şaxta baba tərəfindən uşaqlara hədiyyələr təqdim edilib.
Tədbir atəşfəşanlıq və bayram əhval-ruhiyyəli musiqi nömrələri ilə davam edib.