Gözəllik salonlarında yoxlamaların həyata keçirilməsi qaydaları açıqlanıb
Bakı, 10 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, özəl tibb müəssisəsi kimi dövlət qeydiyyatına alınmış və lisenziya verilmiş müəssisələrdə vaxtaşırı plan üzrə yoxlamalar keçirilir. Lakin müəssisə dövlət reyestrində özəl tibb müəssisəsi kimi qeydiyyata alınmayıbsa, məsələn, bu gözəllik salonu və ya kosmetoloji salondursa, bu zaman fiziki və ya hüquqi şəxslərin təsdiqedici sənədlərlə birgə şikayəti, mediada yayılmış məlumatlar və ya hüquq-mühafizə orqanlarından göndərilən araşdırma halları ilə bağlı həmin müəssisədə yalnız plandankənar yoxlama həyata keçirilə bilər. Xüsusi qeyd edirik ki, bu mənbələrdən edilən müraciətlər mütləq qaydada əsaslandırılmış formada (təsdiqedici sənədlərlə birgə) olmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) Hüquq şöbəsinin müdiri Tamam Həsənova deyib.
“Bəzən vətəndaşlar, media nümayəndələri düşünürlər ki, şikayət gələn kimi AEM-in əməkdaşları dərhal yoxlamaya gedə bilər və hansısa klinika barədə operativ tədbir görə bilərlər. Amma elə deyil, qanun buna imkan vermir. Plandankənar yoxlamanın həyata keçirilməsi məqsədilə AEM tərəfindən əvvəlcə Ədliyyə Nazirliyinin reyestrinə müraciət edilir və oradan çıxarış alındıqdan sonra plandankənar yoxlama keçirilə bilər. Yoxlama yalnız müvafiq reyestrdən verilmiş çıxarışda qeyd olunan tarixlərdə və adı yoxlayıcı kimi sistemə düşmüş əməkdaşlarımız tərəfindən həyata keçirilə bilər. Yoxlama nəticəsində fakt öz təsdiqini tapdıqda, insanların həyat və sağlamlığına zərər vurulması ehtimalı müəyyən edildikdə, İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinin tələblərinə əsasən, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək, vəzifəli şəxslər beş min manatdan on min manatadək, hüquqi şəxslər isə iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilirlər. Daha doğrusu, cərimənin tətbiqi barədə protokol məhkəmə və ya digər aidiyyəti orqana göndərilir, onların qərarına əsasən tətbiq edilir. Əlavə olaraq, xəta törətmiş müəssisəyə qanunsuz fəaliyyətin dayandırılması barədə bildiriş göndərilir. Eyni əməl təkrar olunduqda, müəssisə yenidən cərimə edilir və müəssisənin fəaliyyəti barədə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına, Dövlət Vergi Xidmətinə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə, Daxili İşlər Nazirliyinə və digər qurumlara müraciət edilir. Əgər törədilmiş əməldə insan həyat və sağlamlığına zərər dəyməsi faktı aşkarlanarsa, məsələnin cinayət hadisəsi kimi araşdırılması məqsədilə prokurorluq orqanlarının qarşısında vəsatət qaldırılır”, - deyə şöbə müdiri vurğulayıb.