Gözəllik salonundan oğurluq edən qadının başqa cinayətlər törətdiyi də müəyyənləşdirilib
Bakı, 10 sentyabr, AZƏRTAC
Paytaxtın Nərimanov rayonunda oğurluqla məşğul olan qadın yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə avqustun 31-də rayon ərazisindəki gözəllik salonlarının birindən 50 manat dəyərində eynək qabının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun Bakı şəhər sakini Z.Əliyeva tərəfindən törədilməsi müəyyənləşdirilib və o, saxlanılıb.
Onunla bağlı aparılmış tədbirlərlə həmin şəxsin F.Bəylərlinin pulqabısından 400 manat, E.Sərxanovanın çantasından isə 200 manat məbləğində pul oğurlaması da müəyyənləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.