CƏMİYYƏT
“Green Belt” şirkətlər qrupunun prezidenti: COP29 iqlim məsələlərində hamını birləşməyə sövq edir
Bakı, 11 noyabr, AZƏRTAC
COP29-da bir çox ölkələr iqlim dəyişikliyinin idarə olunması məsələləri ilə bağlı maraqlı məlumatlar əldə etdilər. Bunlar iqlim dəyişikliyinin təsirinin azaldılması, bu təsirə uyğunlaşma, zədələnmə və itki, daha sonra texnologiya və innovasiya transferləri ilə bağlı məsələlərdir. Biz burada xüsusilə ölkəmiz üçün bir çox sahələrdə, o cümlədən suda, kənd təsərrüfatında, bataqlıq ərazilərin idarə edilməsində bir çox təsirləri azaltma və uyğunlaşma strategiyalarını inkişaf etdirməyə çalışırıq.
Bunu AZƏRTAC-a müsahibəsində “Green Belt” şirkətlər qrupunun prezidenti David Okurut deyib.
D. Okurut COP29-da müxtəlif tərəfdaşlarla əlaqə qurmağı səbirsizliklə gözlədiyini bildirib: “Əvvəlki COP-dan əldə etdiyim təcrübəyə görə, bu konfrans bütün dünya ölkələri üçün çox vacibdir. Eyni zamanda, bizim başqa ölkələrlə bu sahədə birlikdə işləmək üçün əla fürsətimiz var. Çünki iqlim dəyişikliyi ilə bağlı məsələlərin sərhədləri yoxdur. İqlim dəyişikliyi hər kəsə, xüsusən də yoxsul icmalara təsir göstərir. Biz iqlim dəyişikliyinin, istixana qazlarının emissiyalarının təsirlərinin yumşaldılması məsələlərini müzakirə edirik. Bunlar çox önəmlidir. Bilirik ki, inkişaf etmiş ölkələrin əksəriyyəti atmosferə həddən çox miqdarda istixana qazları atır. COP29-u hamını birləşməyə və birlikdə işləməyə sövq edən çağırış kimi dəyərləndirirəm”.