GTZ YENİ MÜSABİQƏ ELAN ETMİŞDİR
GTZ-nin Azərbaycandakı Media proqramından AZƏRTAC-a bildirmişlər ki, bu il martın 25-dən mayın 25-dək davam edəcək müsabiqə “Fərdin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət hüququ” adlanır.
Müsabiqəyə Konstitusiya Məhkəməsinin səlahiyyətləri, bu məhkəməyə müraciət vasitələri, müraciətlərin baxılması, qərarların qəbulu və icrası qaydaları ilə bağlı ümumiləşdirici, araşdırıcı yazılar, məqalə və reportajlar qəbul olunur.
Qalibləri tanınmış hüquqşünas, hakim və jurnalislərdən ibarət müstəqil münsiflər heyəti müəyyən edəcəkdir.
“Qəzet və jurnal jurnalisti” nominasiyası üzrə birinci mükafat 300, ikinci mükafat 200, üçüncü mükafat isə 100 avro, “televiziya və radio jurnalisti” nominasiyası üzrə birinci yer üçün 400, ikinci yer üçün 300 və üçüncü yer üçün 200 avro müəyyən edilmişdir.
Müsabiqənin nəticələri 2004-cü il mayın 30-dan sonra açıqlanacaq.