GÜLƏŞ ÜZRƏ BAKI BİRİNCİLİYİNDƏ 200-Ə YAXIN İDMANÇI MÜBARİZƏ APARIR
AZƏRTAC xəbər verir ki, yanvarın 22- də Bakı İdman Sarayında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə keçirilən gənclər arasında yunan-Roma və sərbəst güləş üzrə paytaxt birinciliyinə start verilmişdir.
Yarışların təntənəli açılış mərasimində BŞGİBİ-nin rəisi Raqif Abbasov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev və Güləş Federasiyasının baş katibi Cavid Qurbanov çıxış edərək bütün idmançılara uğurlar diləmiş, iştirakçılara ölkəmizin idman şərəfini ən mötəbər yarışlarda ləyaqətlə təmsil etməyi arzulamışlar.
Natiqlər, Azərbaycanda idmanın inkişafının ölkə başçısı, Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu söyləyərək vurğulamışlar ki, gənc nəsil arasında sağlam həyat tərzi əsaslarının təbliği baxımından belə turnirlərin mütəmadi şəkildə keçirilməsi çox vacibdir.
Yarışlarda 14 komandanı təmsil edən 200-ə yaxın idmançı mübarizə aparır.
Turnirin ilk günündə döşək üzərinə yunan-Roma güləşçiləri çıxmışlar. Güləşin bu növü üzrə 80-dən çox idmançı qüvvəsini sınayacaqdır.
Sərbəst güləşçilərimiz isə mübarizəyə yanvarın 24-də qoşulacaqlar.
Turnirə yanvarın 25- də yekun vurulacaqdır.