Güloğlan Bağırov: Xalqımız qələbə xəbərlərinin sevincini yaşayır
Lənkəran, 6 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Müzəffər Ordumuz Vətən müharibəsi aparır və cəbhədə yeni-yeni qələbələr qazanır, zəbt olunmuş kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz düşməndən azad olunur. Məkrli düşmən Ordumuzun hücumlarına tab gətirə bilməyərək aciz vəziyyətdə havadarlarına yalvarır, əməliyyatların dayandırılmasını xahiş edir.
Bu sözləri Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi Güloğlan Bağırov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Otuz ilə yaxındır ki, Azərbaycan torpaqlarının işğal altında olduğunu, bu səbəbdən də bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün həyatını yaşadığını vurğulayan təhsil işçisi BMT qətnamələrinə, dünyanın nüfuzlu təşkilatlarının qərarlarına məhəl qoymayan erməni separatçıları bu müddətdə Azərbaycana qarşı müxtəlif təxribatları, o cümlədən hərbi təxribatları davam etdirdiyini diqqətə çatdırıb.
G.Bağırov daha sonra deyib: “Dörd il öncə müzəffər Azərbaycan Ordusu erməni faşizminin növbəti təxribatına cavab olaraq öz torpaqlarını işğaldan azad edilməsi üçün əməliyyatlara başladı. İşğal altında olan bir sıra ərazilərimiz düşməndən azad edildi. Erməni vandallarının havadarları münaqişənin sülh yolu ilə həll olunmasını qabartdılar, əməliyyatların dayandırılmasını xahiş etdilər. Lakin, yenə də bir nəticə alınmadı”.
“Küçə demokratiyasından, Sorosun dəstəyi ilə hakimiyyətə gələn N.Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” şüarından sonra danışıqlar bir məna kəsb etmədi. Bundan sonra da erməni faşizmi status-kvonu qoruyub saxlamaq, torpaqlarımızın işğal altında saxlanmasını davam etdirmək məqsədilə təxribatları və provakasiyaları davam etdirdilər. Atəşkəsi davamlı olaraq pozdular, qondarma “Dağlıq Qarabağ Respublikası”nın parlamentini qədim Azərbaycan şəhəri olan Şuşaya köçürtdülər. Sentyabrın 27-də təcavüzkar Ermənistan xislətinə uyğun olaraq işğalçılıq siyasətini davam etdirərək yeni ərazilər qəsb etmək məqsədilə bütün cəbhəboyu hücuma keçməyə cəhd edərək beynəlxalq humanitar hüquq normalarını, beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq mülki əhalimizi, yaşayış məntəqələrimizi müxtəlif növ silahlardan atəşə tutdular. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə bütün cəbhəboyu əks-hücuma keçən müzəffər Ordumuz tərəfindən erməni vandallarının törətdiyi növbəti təxribatın qarşısı qətiyyətlə alınaraq düşmənə adekvat cavab verildi. Ordumuz tam şəkildə hərbi və mənəvi üstünlük əldə edərək düşmənə sarsıdıcı zərbələr endirir”, - deyə o bildirib.
G.Bağırov deyib: “Fərəhli haldır ki, xalqımız hər gün hər saat uzun illər ərzində işğal altında qalan ərazilərimizin, yaşayış məntəqələrimizin işğaldan azad edilməsi, strateji əhəmiyyətli yüksəkliklərin ələ keçirilərək nəzarətə götürülməsi barədə rəsmi qələbə xəbərlərini alaraq bu zəfərlərin qürur və sevincini yaşayır. Bu zəfərlər xalqımız tərəfindən hədsiz qürur və sevinclə qarşılanır. Çünki xalqımız bu günləri çoxdan gözləyirdi. Bu əməliyyatlar xalqın ürəyindən xəbər verir və ölkədə çox yüksək əhval-ruhiyyə yaradıb. Əli silah tuta bilən hər kəs vicdanı və qəlbinin hökmü, böyük çoşqu ilə Vətəni müdafiə etməyə, qaniçən düşmənləri torpaqlarımızdan qovub çıxarmağa hazırdır. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev qətiyyətlə, inamla xalqına, ölkənin iqtisadi və hərbi qüdrətinə güvənərək bütün dünyaya bəyan edir ki, düşmən torpaqlarımızdan qovulanadək əməliyyatlar davam etdiriləcək. Bu, dövlətimizin, xalqımızın mövqeyidir. Bütün xalqımız bir nəfər kimi Prezidentimizin siyasətini dəstəkləyir, onun ətrafında sıx birləşərək əzmlə, inamla, yüksək əhval-ruhiyyə ilə Böyük qələbəyə doğru irəliləyir. Bizim işimiz haqq, ədalət işidir. Qarabağ Azərbaycandır! Biz qalib gələcəyik! Qələbə bizimlədir! Böyük Qələbə günü yaxındadır!”